Vitiliqo

14.09.2018

Vitiliqo hər yaşda yarana bilən və çətin müalicə olunan dəri xəstəliyidir. Vitiliqo zamanı dəridə ağ ləkələr, yəni melaninsiz sahələr əmələ gəlir. Bu prosesə depiqmentasiya deyilir. 
Vitiliqo xəstəliyi bütün dünyada yayılıb və bütün yaş qruplarına aid insanlarda rast gəlinir. Ən çox bu xəstəlikdən qadınlar və 20 yaşınadək gənclər əziyyət çəkir. Son illərdə həm böyüklər, həm uşaqlar arasında bu xəstəliyin daha çox yayılması nəzərə çarpır.

                                                 

Vitiliqo kosmetik defekt olmaqla yanaşı, eyni zamanda orqanizmdə baş verən ciddi dəyişikliklərin göstəricisidir. 
Vitiliqonun səbəbləri
İndiyənədək vitiliqonun nə yaranma səbəbi, nə də təsir mexanizmi tam olaraq məlum deyil.
Hesab olunur ki, vitiliqonun yaranmasında müəyyən rolu aşağıdakı faktorlar oynayır:
neyroendokrin xarakterli pozuntular (qalxanabənzər və böyrəküstü vəzilərin, hipofizin, cinsi vəzilərin disfunksiyası);
psixiki travma;
vegetativ sinir sistemi pozuntuları;
autoimmun proseslər;
irsi meyillilik.
Vitiliqonun yaranmasında stres faktoru, keçirilmiş infeksion xəstəliklər, intoksikasiyalar, dərinin bəzi sintetik materiallarla təması, fiziki travmalar böyük rol oynayır.
Bir çox pasiyentlərdə vitamin balansının pozulması, mis, sink və digər mikro- və makroelementlərin mübadiləsində sorulmanın pozulması sindromu müşayiət olunur.
Depiqmentasiyaya (dərinin rənginin itirilməsi) daxili sekresiya vəzilərin fəaliyyətinə mənfi təsir göstərən bəzi helmintlər də səbəb ola bilər. Bu cür hallarda aparılan helmintəleyhinə müalicə çox vaxt xəstələrin sağalması ilə nəticələnir.
Simptomlar
Xəstəlik adətən xroniki forma alır və xəstəyə mənəvi əzab verir. Vitiliqo dəridə açıq-çəhrayı və ya süd rəngində ləkələrin əmələ gəlməsindən başlayır. Tədricən ləkələr böyüyərək müxtəlif ölçülü, dəqiq səthli, yumru və ya oval olurlar. Böyüyərək ləkələr birləşir və daha böyük sahəni əhatə edir. Belə sahələr tək və çox ola bilər, ən çox açıq hissələrdə olmaqla dəri səthinin istənilən yerində ola bilər: üzdə, boyunda, yuxarı və aşağı ətraflarda, xarici cinsiyyət orqanları ətrafındakı qatlarda və s. 
Depiqmentasiya ocaqları adətən simmetrik yerləşir (nadir hallarda birtərəfli olur), bu sahələrdə tüklərin rəngi solur, rəngi itmiş dəri soyuğa və digər qıcıqlandırıcılara reaksiya vermək qabiliyyətini itirir.
Vitiliqo çox vaxt günəş dermatitləri ilə müşayiət olunur. 
Vitiliqo dərinin bütövlüklə depiqmentasiyası ilə də nəticələnə bilər. Vitiliqodan əziyyət çəkənlər hər hansı ağrı və ya diskomfortdan yox, əsasən kosmetik defektdən şikayətlənirlər. Bəzən ləkələr yarandığı kimi yox olur. Xəstələrə uzun müddət günəş altında qalmamaq tövsiyyə olunur, çünki tünd dəridə ağ ləkələr daha da aydın görünür. 
Vitiliqonun inkişafı zamanı yeni ocaqlar bir az öncəki travmalar, sürtülmə və ya dəriyə təzyiq olunmuş sahələrdə yaranır. 
Həkim nə edə bilər?
Vİtiliqo diaqnozu kliniki əlamətləri əsasında qoyulur və əksər hallarda çətinlik törətmir, bu da xəstəliyin kliniki əlamətlərin xüsusiliyindən irəli gəlir. 
Vitiliqonun yaranmasına səbəb olan bir çox faktorlar bu xəstəliyin kompleks şəkildə müalicə ounmasını tələb edir. 
Vitiliqonun müalicəsində dərinin UB şüalara davamlılığını artıran preparatlardan, sonradan isə UB şüalanmadan istifadə olunur.
Vitiliqo – “ daxili xəstəliklərinin dəri markeridir”.
Hal hazırda bu xəstəliyin müalicə üsullarının axtarışı davam edir. 
Siz nə edə bilərsiniz?
Xəstəliyin ilkin əlamətlərində dərhal həkimə müraciət etməlisiniz. Lakin əlamətləri qeyd edərkən yalnız dəri problemlərinə yox, həm də digər, dəri ilə əlaqəli olmayan pozuntulara fikir vermək vacibdir. Çünki, yuxarıda qeyd olunduğu kimi, səbəb bütövlükdə orqanizmdə baş verən dəyişikliklərlə bağlı ola bilər.

На данном изображении может находиться: 1 человек, стоит

Dr. Rauf Axundov,
SƏHHƏT klinikasının həkim-dermatoloqu

Son məqalələr