Diabetik pəncə sindromu (DPS)

25.03.2019

DPS - şəkərli diabetin ciddi ağırlaşmalarından olub, sinirlərin zədələnməsi (diabetik neyropatiya) və qan dövranının pozulması (diabetik mikro - və makroangiopatiya) nəticəsində pəncədə çətin sağalan trofiki və ya irinli-nekrotik xoraların əmələ gəlməsidir.
5 il və ondan uzun müddət şəkərli diabet stajı olan, davamlı qan şəkərlərini yüksək saxlayan, ayaqlara düzgün qulluq etməyən hər bir şəxs bu risk qrupuna daxildir!

DPS-nun gec aşkarlanması və ya qeyri-adekvat müalicəsi aşağı ətrafın qanqrenası və amputasiyası ilə nəticələnir.
Kiçik və böyük amputasiyalar diabeti olan şəxslərdə yaşam keyfiyyətinin pozulmasına gətirir, şikəstlik və ölüm hallarının əsas səbəbləri arasındadır.

DPS-lu pasiyentə endokrinoloqla yanaşı cərrahın birgə nəzarəti vacibdir!
Bu durumun kəskinləşməsinə, yəni barmaq və ya pəncənin amputasiyasına qədər aparan səbəblərdən biri pasiyentin vaxtında vəziyyəti düzgün qiymətləndirməməsi və həkimə gec müraciət etməsi olur.
DPS –nun yaranma riski hansı xəstələrdə yüksəkdir? 
-Kompensə olunmamış şəkərli diabeti olan;
-Periferik neyropatiya, retinopatiya, angiopatiyası olan;
-Periferik damar xəstəlikləri və Pəncənin deformasiyası olan xəstələr;
-Hipertoniya və hiperxolesterinemiyası olan;
-Alkohol və siqaretdən istifadəçisi olan xəstələr;

Dəri tamlığının pozulmasına və zədə sahəsinin əmələ gəlməsinə səbəb ola bilən amillər:
- ayaq və barmaqların mikrotravması
(ayağın diqqətsizlik nəticəsində yaralanması və ya əzilməsi)
- dırnaqların düzgün kəsilməməsi
(çox dibdən kəsərək zədə sahəsinin yaratmaq, qanatmaq)
- ayaqda olan döyənəklərin dərin kəsib götürmək və ya plastrlala qopatmaq (yara sahəsi açmaq)
- dabanlarda ağrılı, dərin (sağalmayan və qanayan) çatların olması
- ayaqları qaynar su ilə yumaq, ayaqları isitmək üçün qrelkadan və ya digər qızdırıcı vasitələrdən istifadə etmək (hisiyyatı aşağı olan ayaqlarda yanıq sahəsinin əmələ gəlməsinə səbəb yaradacaq)
- düzgün ayaqqabı seçməmək
(dar və sıxan, ayağa rahat oturmayan, barmaq aralığı olan ayaqqabı sürtmə nəticəsində ağrılı qabar və ya yara səthi yarada bilər)
- ayaqyalın və corabsız gəzmək
(yerdə olan sərt qırıntının və ya tikanın ayağa batması nəticəsində yara səthinin əmələ gəlməsi)

KLİNİKİ PRAKTİKADAN
08.01.2019 tarixində klinikaya şəkərli diabeti olan pasiyent muraciət etdi:
Şikayətləri davamlı yüksək şəkərdən, sol ayağın IV barmağından son bir ayda travma nəticəsində yaranmış və ucunda qaralmış sahəsi olan sağalmayan, ağrıyan, rəngini dəyişmiş hiperemiyalaşmış, nisbətən ödemli nektotik xoradandır.
Diabet stajı: pasiyentin dediyinə görə 5 ildir.
Yanaşı xəstəlikləri: Hipertoniya xəstəliyi II dər., Dislipidemiya, Piylənmə I dər., Düyünlü ur. Autoimmun tireoidit. Hipotireoz.
Pasiyentə lazımı müayinə və müalicə, aclıq və toxluq şəkər ölçümləri, ayaqlara qulluq, cərrahın müayinəsi təyin edildi.
Diabetik pəncənin müalicədən öncəki, 08.01.2019 tarixində klinikada çəkilmiş şəkli və hazırdakı durumu, 16.03.2019 tarixində evdə çəkib göndərdiyi şəkili (pasiyentin icazəsi ilə) sizlərlə paylaşmaq istədim.

Dəyərli pasiyentlərim, Sizləri sağlamlıqlarınızı gec olmadan qorumağa çağırıram!
Həkim-edokrinoloq Fəridə Nəsirli