Yeniyetmələrdə Hipertireoz

04.06.2019

Yeniyetmələrdə Hipertireoz
(Hipertireoz; Toksiki ur; Tireotoksikoz; Qreyvs xəstəliyi)

Bu yaxınlarda qəbulumda ana və 12 yaşlı qızı olub. Ananın sözlərinə görə həmişə sakit,mülayim xasiyyətli, əlaçı uşağı elə bil dəyişiblər. Kobud danışır, deyilən hər kəlməyə olduqca aqressiv cavab verir, əhvalı gün ərzində dəyişkən olur. Dərslərini də artıq əvvəlki kimi oxumur.
Ətrafdakılar anaya yeniyetmələrdə bu kimi xasiyyət dəyişikliklərin tez-tez olduğunu desələr də ana uşağı nevropatoloqa aparmaq, müayinədən keçirmək qərarına gəlir. Nevropatoloq uşağa yüngül sakitləşdirici preparatlar təyin edir,lakin uşağın vəziyyəti günü gündən daha da ağırlaşır. Uşaq çəkini itirir, davamlı baş ağrılarından,yorğunluq və halsızlıqdan şikayət edir, Bu dəfə ana pediatra müraciət edir, pediatr müayinədən sonra şikayətlərə əsasən endokrinoloqun baxışını məsləhət görür.
Müayinə nəticələrinə görə uşağa hipertireoz diaqnozu qoyulur.
Hipertireoz nədir, hipertireoz zamanı orqanizmdə nə baş verir?
Hipertireoz – qalxanvari vəzidə tireoid hormonların artıq ifrazından yaranan autoimmun xəstəlikdir.
Bu zaman artıq hormon maddələr mübadiləsinin pozulmasına, əsəbilik, səbəbsiz həyacanlılıq, ürək döyüntülərinin artması, əllərdə əsmə, tərləmə, ishal, çəki itkisi , iştahın artması, gözlərin iriləşməsi, subfebril hərarət, adət düzənsizliyi, menstrual siklin pozulması kimi əlamətlər yaradır.
Bir sözlə hipertireoz orqanizmin bütün sistemlərinə təsir göstərə bilər.
Xəstəliyin yaranma səbəbləri: güclü stres, qalxanvari vəzin kəskin iltihabı, autoimmun xəstəliklər, qalxanvari vəzin və ya hipofiz şişləri ola bilər.
Diaqnozun qoyulması və təstiqi üçün laborator müayinədə tireoid hormonlarına baxılmalıdır. Eyni zamanda qalxanvari vəzin ultrasəs müayinəsi – USM və EKQ təyin olunur.
Müalicədə - tireoid hormonlarının artıq ifraz olunmasının qarşısını alan dərman preparatları təyin olunur.
Doza individual olaraq seçilir və tədricən azaldılır. Mütəmadi olaraq hormonlar yoxlanılır və müalicənin effektliyi qiymətləndirilir. Hipertireozda dərman qəbulu müvəqqətidir (bir neçə ay və ya il davam edə bilər). Medikamentoz mualicə effektsiz olarsa radioaktiv yod və ya cərrahi əməliyyat məsləhət görülə bilər.
Valideyinlərə bir neçə məsləhət:
Hipertireozun müalicəsinə dərmanla yanaşı həm də düzgün həyat tərzi ilə təsir etmək olar.
Evdə və məktəbdə uşağı mümkün qədər komfortlu psixoloji şərait ilə təmin etməyə çalışın.
Həkimlə məsləhətləşib uşağın məktəbdə idmanla məşqul olmasının məqbul olub - olmamasını müzakirə edin.
Uşağı günəş şualarından qoruyun. İstirahətə getməyi planlaşdırırsınızsa elə yerləri seçin ki, uşaq kəskin iqlim dəyişikliyi hiss etməsin.
Qida rasionunda yodlu qidanı məhdudlaşdırın, təmiz havada gəzintilər təşkil edin. Bunların hamısı müalicəyə müsbət təsir göstərə və sağalmanı tezləşdirə bilər .

Dr. Fəridə Nəsirli, endokrinoloq.

Son məqalələr