Doğulduqdan altı yaşadək uşaqların oftalmoloji müayinə planı.

19.08.2019

Görmə uşağın birbaşa inkişafı və gələcəyinə təsir edən uşaq sağlamlığının vacib göstəricilərindəndir. Körpə uşaqlar görmədə olan problemi sərbəst təyin edə bilmir. Odur ki,valideynlər uşaqları izləməli və requlyar olaraq oftalmoloqun müayinəsindən keçirməlidirlər.
Problemi erkən mərhələdə aşkar etmək, uşaqlara görmə aktivliyinin gigiyenası qaydalarını öyrətmək, onlarla görmənin yorulmasını azaldan hərəkətlər etmək, erkən yaşlarda və məktəbə başlamazdan öncə oftalmoloji müayinədən keçirmək valideynlərin vəzifəsidir.
Uşaqlar aşağıdakı hallarda mütəxəssis konsultasiyasından keçməlidir:

  • əgər uşaq oyuncaqlara reaksiya vermirsə (əşyalar birbaşa onun görmə sahəsindədir,amma diqqətini onlara fokuslamır);
  • uşaq aydın görmədiyini deyirsə;
  • uşağın bəbəkləri işığa fərqli reaksiya verirsə, diametrləri fərqlidirsə;
  • uşaq ikigörmədən, əşyaların əyilməsindən şikayətlənərsə;
  • gözləri ağrıyar, yaşaxma və ya irinləmə olarsa;
  • uşağın gözünə hər hansı predmet dəyərsə;
  • uşaqlarda gözlərin çəpləşməsi hiss olunarsa.

Yenidoğulmuşların ilk baxışı - vaxtından əvvəl doğulmuş, çəkisi 2500 q-dan aşağı olan uşaqlara xüsusi diqqət yetirmək lazımdır. 80% hallarda bu uşaqlarda vaxtından əvvəl doğulmuşların retinopatiyası inkişaf edə bilər. Bu çox ağır xəstəlikdir, tor qişanın inkişaf patologiyası ilə xarekterizə olunur və çox vaxt korluqla nəticələnir.

-Birinci baxış: doğumdan sonrakı ilk həftələrdə icra olunur, bu dövrdə görmə 2% olur, körpə əşyaların formasını, işığı və ya kölgəni seçə bilir, gözlərin inkişafı hələ davam edir.Oftalmoloq tor qişanı və şüşəvari cismi müayinə edir. Məqsəd anadangəlmə xəstəlikləri erkən mərhələdə aşkar etməkdir. Gözlərin çəpləşməsini üç aylıqda təyin etmək olur. Oftalmoloq həm ixtisas xəstəlikləri müayinə edir, həmçinin bəbəyin işığa reaksiyasını, assimmetrikliyini, gözlərini necə qırpmasını yoxlayır. Çünki bunlar nevroloji xəstəliklərin əlaməti ola bilər.
-İkinci baxış: bir ay sonra aparılır. Bu zaman valideynlər gözlərin qızarmasından, irin axmasından şikayət edir. Xəstəliyin müalicəsi çox asandır - oftalmoloq yaş kanalını masaj edir, antiseptiklə yuyur. Bu prosedur effekt vermədikdə yaş pərdəsi xüsusi zondla açılır.
-Üçüncü baxış: altı aylıqda aparılır. Bu ayda körpənin refraksiyası təyin olunur - skiaskopiya və ya retinoskopiya edilir (bəbəkgenəldici damcılardan istifadə olunur). Refraksiya qüsurları aşkar edilərsə uşaq yaşlarında müalicə etmək daha asan olur. Tənbəl göz işlədilir, yaxşı görən göz bağlanır. Böyük yaşlarda belə problemlər korreksiyaya çətin tabe olur.
-Dördüncü baxış: onikinci ayda aparılır. Yenə də refraksiyanın vəziyyəti izlənilir, astiqmatizm, miopiya, hipermetropiya kimi patologiyalar aşkar edilir.
Sonrakı dövrlərdə ildə bir dəfə oftalmoloqun müayinəsindən keçmək lazımdır, heç bir şikayət olmasa da.
-Beşinci baxış: 2-4 yaşlarında uşaq suallara cavab verdiyi üçün görmə itiliyi xüsusi cədvəl vasitəsilə təyin edilir. Göz dibi müayinə edilir, çəpgözlüklərdə müxtəlif korreksiyaedici məşqlər təyin edilir. 5-6 yaşlarda oftalmoloq xüsusi tibbi cihazlardan istifadə edərək müayinə edir, uşağın şikayətləri dinlənilir. Valideynlərə nələrə diqqət etmək lazım olduğu izah olunur. Çünki məktəbə gedən uşaqlarda ən çox bu dönəmdə görmə aktivliyi intensivləşir, bu zaman qazanılan xəstəliklər üzə çıxır və ya olanlar kəskinləşir. Bu dəyişiklikləri isə uşağın ətrafındakılar müşahidə edir: televizora baxarkən, kitab oxuyarkən gözə çarpan əlamətlər olur. Aydın görmədiyi üçün daha yaxından baxmaq, gözlərini tez-tez qırpmaq kimi hallara biganə yanaşmamaq lazımdır.
Uşağın görmə gigiyenasına diqqət yetirmək lazımdır: çox yorulmamalı, onun masası yaxşı işıqlandırılmalı, qida rasionu vitaminlərlə zəngin olmalı, yuxu rejimi tam olmalıdır - 8 saat. Uzun zaman görmə aktivliyindən sonra göz idmanı etməsi məsləhətdir. Məktəbdən sonra təmiz havada gəzinti təşkil olunarsa bu həm görmə orqanına, həm də sinir sisteminə müsbət təsir edir.
Gələcəyimiz olan uşaqların gözləri hər zaman nurlu olsun!