Autoimmun tireoidit və ya Haşimoto tireoiditi.

19.08.2019

Bu, qalxanabənzər vəzin autoimmun genezli zədələnməsi nəticəsində yaranan xroniki irsi xəstəlikdir.
İlk dəfə bu xəstəlik və onun fəsadları 1912-ci ildə Yapon cərrahı Haşımoto Xakaru tərəfindən təsvir edilmişdir. 
Autoimmun tireoidit 30-60 yaş arasında olan qadınlar arasında (kişilərlə nisbətdə) daha çox rast gəlinir.
Xəstəlik səbəbi irsiyyət, travma (psixiki və fiziki), vəzin iltihabı, yodla uzun müddət aparılan müalicə və s. ola bilər.
Vəzin ölçüsünə görə qalxanabənzər vəzin hipertrofik və atrofik formaları qeyd edilir.
Funksiyasına görə hipertireoid,eutireoid və hipotireoid (qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi) olur.
Xəstəlik tədricən inkişaf edir. 
Simptomlar: ümümi zəiflik , taqətsizlik, yuxululuq, əhvalın pisləşməsi , depressiv vəziyyət, baş ağrısı, hərəkət məhdudluğu, əmək qabiliyyətinin azalması, nəbzin zəifləməsi, bədən çəkisinin artması, üzdə, alt və üst göz qapaqlarında, dildə, dodaqda, əl və ayaqda şişkinlik, şişkinlik nəticəsində xüsusi görkəm, yaddaşsızlıq , nitqin ləngiməsi, səsin xırıltılı olması, dəridə quruluq, dəri rənginin solğun və sarı çalarlı olması, davamlı qəbizlik, meteorizm, iştahsızlıq, menstural tsiklin pozulması, sonsuzluq, hamiləliyin pozulması, cinsi həvəssizlik, cinsi zəiflik, saç və qaşların tökülməsi, beldə ağrı, ayaqlarda qıcolma, keyləşmə, davamlı üşümə hissi, boyun ön nahiyəsinin böyüməsi, boğazda yad cisim qalma hissi, əsəbilik və s. 
Diaqnozun təsdiqi üçün qalxanabənzər vəzin USM-si, tireoid testi aparılır.
Müalicədə tireoid əvəzedici hormonal terapiya təyin edilir. Xəstəliyin proqnozu adətən yaxşı olur.

Şəxsi müşahidəmdən.
21.05.2019 tarixində klinikaya 1960 il təvəllüdlü pasiyent müraciət etdi.
Şikayətləri halsızlıq, səsin dəyişməsi, qaş və saçların uzun müddətdir tökülməsi, baş ağrısı, səbəbsiz hərəkət məhdudluğu, əhvalın dəyişkən, xüsusən əsəbi olması, çəkinin artması, əl və ayaqlarda ağrı, yaddaş zəifliyi, əmək qabiliyyətinin məhdudlaşması, üzdə, göz altında şişkinlik, sidik ifrazının ləngiməsi, dabanlarda ağrı, ayaqlarda yanğı hissi, davamlı qəbizlik və köpdən idi.
Pasiyentin dediyinə görə bu vəziyyət son 6 ay ərzində daha da kəskinləşmişdir. Bu şikayətlərlə müraciət etdiyi mütəxəssislər:
- Qastroenteroloq (qavamlı qəbizlik, həzimsizlik səbəbi ilə). Vazelin yağı, kreon ,forlaks və s. təyin olunmuşdur.
- Allerqoloq (şişkinlik səbəbi ilə). Diprospan və s. təyin olunub. 
- Uroloq (sidik ifrazının ləngiməsi, şişkinlik səbəbi ilə) Allopurinol , kanefron və s. təyin olunub.
- Nevroloqa (bel və ayaqlarda ağrı, hərəkət məhdudlaşması, yaddaş zəifliyi, baş ağrısı səbəbi ilə). Nucleo, Chondroksil gel, Aktovegin və s. təyin olunmuşdur.
Davamlı müalicə qəbul etməsinə baxmayaraq pasiyent vəziyyətinin kəskinləşdiyini bildirdi. Müalicə effeksiz olduğundan artıq 2 gündür hec bir medikamenti qəbul etmədiyini dedi. Pasport işlərin tamamlanmasını gözlədiyini, sonra isə müalicə üçün xarici ölkəyə gedəcəyini də vurğuladı.
Pasiyentin şikayətləri və anamnestik məlumatlarla tanış olduqdan sonra daha ilk öncə qalxanvari vəzin USM-si məsləhət görüldü. Nəticədə - Tireoidit əlaməti aşkarlandı. 
Daha sonra tireoid testi müayinəsi aparıldı, diaqnoz təsqid edildi və tireoid əvəzedici hormonal terapiyası təyin edildi. Təkrar 40 gündən sonra müayinəyə dəvət edildi.
06.07.2019 –cu il tarixində təkrar baxış oldu. Müalicədən sonra Tireoid testi təkrarlandı.
Pasiyent şikayətlərinin tam keçdiyini sevinərək, təbəssümlə bildirdi. “Əhvalım, yaddaşım yaxşılaşıb, yuxululuq keçib, əmək qabiliyyətim, aktivliyim bərpa olub, bel və ayaqda olan ağrılarım, artıq çəki, qəbizlik belə keçib”.
Pasiyentin icazəsi ilə müalicədən öncə və sonra xarici görünüşündə olan ciddi dəyişikliyi sizlərlə paylaşmaq istədim.

21.05.2019 tarixində (müalicədən öncə) 
AntiTPO – 449 IU/ml (Norma ˂34 IU/ml)
T4 sərbəst – 0,001 ng/dl (Norma 0,8-2,0 ng/dl)
TSH - 85,6 IU/ml (Norma 0,4-6,0 IU/ml)

və 06.07.2019 tarixində tireod test nəticələri:
T4 sərbəst – 1,7 ng/dl (Norma 0,8-2,0 ng/dl)
TSH – 1,6 IU/ml (Norma 0,4-6,0 IU/ml)

26.05.2019 tarixində müalicədən öncə (pasport üçün çəkdirdiyi) və müalicədən sonra 13.07.2019 tarixində təkrar görüşdə çəkilən foto.

Həkim-endokrinoloq Fəridə Nəsirli