Həkim sizə kolonoskopiya müayinəsini məsləhət görüb?

03.10.2019

Çoxları bağırsaqlarındakı problemi gizlədir, bəziləri bu müayinə üçün utanır, digərləri isə heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkirlər.

Amma vaxtında kolonoskopiya etdirməklə özünüzü bir sıra xəstəliklərin ağırlaşmalarından sığortalaya bilərsiniz.

Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müayinəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir.

 

Çoxları üçün bu prosedur həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün venadaxili anesteziya tətbiq oluna bilər, yəni 15 dəqiqəlik “tibbi yuxu”.

 

 

Müayinəyə hazırlıq. Kolonoskopiyadan öncə bağırsaq tamamilə təmizlənməlidir ki, selikli qişa tam müşahidə oluna bilsin. Kolonoskopiyaya bir neçə gün qalmış karbohidratlarla zəngin qidalar (məs., kəpəkli undan bişirilmiş çörək, kivi, üzüm) qəbul olunmamalıdır. Müayinəyə 24 saat qalmış ağır yeməklər yeyilməməlidir.

 

Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:

 

-Poliplər görünərsə, götürülür, ya yandırılır

-Qanaxma varsa, saxlanılır

-Yad cisim varsa çıxarılır

-Daralma, bitişmə varsa, bərpa olunur

-Şiş varsa, biopsiya materialı götürülür

 

Kolonoskopiyaya göstərişlər:

-Qanaxma

-Poliplər, yeni törəmələrə şübhə

-Onkopatologiya

-Kron xəstəliyi – kəskin iltihab, diareya

-Xoralı kolit

-Xroniki qəbizlik və ishal

-Sürətlə arıqlama

-Qanazlığı

-Subfebril hərarətin uzun müddət qalması

 

Ümumiyyətlə isə 45 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya müayinəsi göstərişdir. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.

 

Kolonoskopiyaya əks göstərişlər:

-Miokard infarktı

-Hamiləlik

-Şəkərli diabet

-Kəskin qanaxma

-Peritonit

 

Kolonoskopiya kifayət qədər ziyansız və asan metoddur, amma o, yüksək peşəkar, işində mütəxəssis tərfindən, klinika şəraitində, müasir və steril avadanlıqla icra olunmalıdır.

Endoskopist, Dr. Cahid Rəhimov