Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları:

22.04.2020

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları:


Şübhəli şəxslər üçün:
Əgər hərarət və öskürəyiniz varsa, əllərinizi tez-tez sabun və su ilə yuyun və ya spirt əsaslı məhlulla təmizləyin.

Evdə qalın, ictimai yerlərə çıxmayın. İstirahət edin, bol maye və vitaminlərlə zəngin qidalar qəbul edin.

Digər ailə üzvlərindən ayrı otaqlarda qalın. Əgər mümkün deyilsə, maska taxın və ailə üzvlərinizlə ən azı 1 metr (3 addım) məsafə saxlayın. Otağı tez-tez havalandırın, mümkündürsə, ayrı vanna otağından istifadə edin.

Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu dirsək bükümünüzlə örtün və ya birdəfəlik salfetlərdən istifadə edin, istifadədən dərhal sonra atın. Nəfəs darlığı hiss etdiyiniz halda dərhal Təcili Tibbi Yardıma zəng edin - 103 (Bakı daxili) və 113 (Bakıdan kənar).

Evin bütün üzvləri üçün:
Əllərinizi müntəzəm olaraq su və sabunla yuyun, xüsusilə:
• öskürdükdən və ya asqırdıqdan sonra
• yemək hazırlamadan öncə, hazırlayarkən və sonra
• yeməzdən əvvəl
• tualetdən istifadə etdikdən sonra
• şübhəli şəxsə qulluq etdikdən sonra

Şübhəli şəxslə gərəksiz təmasda olmayın və mətbəx ləvazimatları, boşqab, fincan və dəsmal kimi şəxsi əşyalarınızı birgə istifadə etməyin.
Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dirsək büküyünüzlə bağlayın və ya birdəfəlik salfetdən istifadə edin, istifadədən sonra dərhal atın.
Evdə hər kəsin hərarət, öskürək kimi əlamətlərini müşahidə edin, tənəffüs çətinliyi yaranarsa, dərhal Təcili Tibbi Yardıma zəng edin

Baxıcılar üçün:

Şübhəli şəxsin istirahət etdiyindən, bol maye və vitaminli qidalar qəbul etdiyindən əmin olun.
Şübhəli şəxslə eyni otaqda olarkən maska taxın. İstifadə zamanı maskaya və üzə toxunmayın. İstifadədən sonra çıxarın.
Əllərinizi tez-tez sabun və su ilə yuyun və ya spirt əsaslı məhlulla təmizləyin. Xüsusilə:
• şübhəli şəxslə və ya onun əşyası ilə istənilən təmasdan sonra
• yemək hazırlamadan öncə, hazırlayarkən və sonra
• yeməzdən əvvəl
• tualetdən istifadə etdikdən sonra
Şübhəli şəxs üçün ayrıca qablardan, dəsmallardan və yataq dəstindən istifadə edin. Həmin əşyaları sabun və su ilə yuyun.
Şübhəli şəxsin tez-tez toxunduğu səthləri müəyyənləşdirin, gündəlik olaraq təmizləyin və dezinfeksiya edin.
Şübhəli şəxsin halı pisləşərsə və ya nəfəs almaqda çətinlik yaranarsa, dərhal Təcili Tibbi Yardıma zəng vurun.

Mənbə: ÜST Azərbaycan