Kuşinq sindromu (Hiperkortitizm)

18.05.2020

Kuşinq sindromu (Hiperkortitizm)- qanda böyrəküstü vəzi hormonlarının, xüsusən qlükokortikoidlərin (kortizolun) artıq miqdarda sekresiyasından yaranan ağır və ciddi xəstəlikdir.
Hiperkortitizm genetik xəstəlik kimi də bilinməkdədir.
Qadın və kişi nisbətində bu xəstəlik qadınlarda 5-6 dəfə daha çox rast gəlinir.
Maddələr mübadiləsinin pozulması ilə gedən bu xəstəliyin əsas əlamətləri:

  •  əzələ zəifliyi, halsızlıq, çox tərləmə, baş və bel ağrısı
  •  piylənmə (piy əsasən sifət (aybənzər sifət), döş və qarın nahiyəsinə toplanır)
  •  ətrafların nazikləşməsi
  •  dəridə çəhrayı striyaların (çatların), sızaqların (akne), tüklənmənin əmələ gəlməsi
  •  qadınlarda menstrural tsiklin pozulması, hirsuitizm, alopesiya, kişilərdə cinsi istəyin azalması, ginekomastiya
  •  davamlı yüksək arterial təzyiq, şəkər mübadiləsinin pozulması, osteoporoz, sümük sınıqları
  •  depressiv vəziyyət, yaddaş və yuxu pozğunluğu, psixoz hallarının yaranması
  •  immun sisteminin zəifləməsi

Hiperkortitizmin iki növü var: endogen və ekzogen
Endogen Kuşinq sindromu iki qrupa - kortikotropindən asılı və kortikotropindən asılı olmayan Kuşinq sindromuna bölünür.
Endogen – Hipofizar Kuşinq və ya Kuşinq xəstəliyi 60-65% hallarda rast gəlinir.
Böyrəküstü mənşəli Kuşinq və ya Kuşinq sindromu 20-30% hallarda rast gəlinir.
Ektopik Kuşinq 5-10% hallarda olur, ağciyərdə, mədəalti vəzidə, bağırsaqda və digər orqanlarda yaranan törəmənin kortizol hormonunu sintezləməsindən yaranır.
Ekzogen və ya medikamentoz mənşəli Kuşinq - xroniki xəstəliklərdə (revmatoid artrit, dəri xəstəlikləri, allergiyalar) müalicə məqsədi ilə istifadə olunan prednizolon, deksametazon kimi sintetik steroidlərin uzun müddətli qəbulu ilə bağlıdır.
Yatrogen mənşəli Kuşinq – steroid preparatın uzun müddət nəzarətsiz, kontrolsuz istifadəsindən yaranır.
Xəstəliyin diaqnostikası - həkim endokrinoloq tərəfindən bu xəstəliyi təstiq edən hormonal testlər aparılaraq qoyulur.

Müalicə olunmamış Kuşinq sindromu ölümlərin artmasına və ciddi xəstəliklərə (məsələn, ürək-damar xəstəliklərinin artması, immunosupressiya, osteoporoz, həmçinin psixoloji və koqnitiv problemlər) səbəb olur.