Karantində gözləri necə qorumalı?

18.05.2020

Karantində gözləri qorumaq və onlayn tədris və iş şəraitində görmə qabiliyyətinin zəifləməməsi üçün nə etmək lazımdır?

Karantin rejimi insanların televizor, telefon və kompüter arxasında çox vaxt keçirmələrinə səbəb olur. Bu faktor xüsusən də uşaqlarda yaxından görmənin yaranmasına gətirib çıxara bilir.

Yaxından görmə problemi olan insanlarda isə ekranların arxasında çox vaxt keçirmələri vəziyyəti daha da pisləşdirə, və hətta onlarda qlaukoma yaranma riskinin artmasına səbəb ola bilər. Nəzərə alsaq ki, yazda çoxlarına həm də vitamin çatışmazlığı olur, bunların hamısı birlikdə xoşagəlməz vəziyyət yaradır.
Necə etmək lazımdır ki, gözlər sağlam qalsın?
Kompüterin arxasında işləyərkən mütləq 5-10 dəqiqə fasilə etmək lazımdır. Böyüklər ekrandan hər 1 saatdan bir kənara çəkilməli, 5-7 yaşlı uşaqlar gün ərzində kompüter arxasında cəmi 40 dəqiqə keçirməli, 12-13 yaşlı yeniyetmələr isə hər 30-40 dəqiqədən bir fasilələr etməli. 5-10 dəqiqəlik fasilə ərzində göz idmanı edilməli, həmçinin ümumi fiziki hərəkətlər - otaqda hərəkət etmək, idmanla məşğul olmaq lazımdır. Yuxu rejiminə də düzgün riayət etmək lazımdır. Kompüter və televizor ekranından hansı məsafədə olduğunuza mütləq nəzarət edin. Unutmayın ki, işaqlanma da yaxşı olmalıdır. Qaranlıqda televizora baxmaq və ya kompüter arxasında işləmək olmaz. Lampanın gücü 60 W-dan az olmamalı, yaxşı olar ki 100 W olsun, həmçinin vacibdir ki, işıq soldan düşsün. Çalışın uzanmış vəziyyətdə televizora baxmayın, kompüterdən istifadə etməyin. Əgər gözlər çox yorularsa göz üçün polivitamin komplekslərdən, gözlər quruyur və qızarırsa süni göz yaşı damcılarından istifadə etmək olar.

Oftalmoloq Aida Əliyeva