Hepatit B virusu

09.09.2016

Hepatit B virusdu insan orqanizminə daxil olduqdan sonra qan axını ilə qara ciyərə çatır və burada qara ciyər hüceyrələrinə (hepatositlərə) daxil olaraq çoxalmağa başlayır. Orqanizmin immun sistemi buna cavab olaraq virusa yoluxmuş hepatositləri məhv etməyə başlayır. Məhv olunmuş hepatositlər çapıq toxuması ilə əvəz olur. Təbii ki, çapıq toxuması hepatositlərin funksiyalarını yerinə yetirə bilmir və bu da müxtəlif pozulmalara səbəb olur. Bu proses sürətlə getdikdə qara ciyər sirrozu kimi ağırlaşmalara, hətta insanın olümünə səbəb ola bilər.

                                             

Hepatit B virusu xəstədən sağlam insana qan vasitəsi ilə keçir. Lakin hepatit B xəstə insanın digər bioloji mayelərində də (sperma, göz yaşları, ağız suyu, sidik, nəcis) aşkar olunur və bu o deməkdir ki, bu mayelər sağlam insanın zədələnmiş dərisinə və ya selikli qişalarına və ordan da qana düşdükdə virus sağlam insana keçə bilər. Virus hətta gözə görünməyən mikrotravmalardan sağlam insanın orqanizminə daxil ola bilər. Dərinin və selikli qişalarının tamlığı pozulmadıqda, bu mümkün deyil.

30% hallarda Hepatit B virusuna cinsi yolla yoluxulur. Hamiləlik zamanı virus xəstə anadan dölə doğuş zamanı və ya hamiləlikdə ciftin tamlığı pozulduqda (məsələn, amniosentez zamanı) keçə bilər.
Bu virus çox davamlıdır və xarici mühitdə uzun müddət ərzində (1 həftəyə kimi) yaşaya bilir. Virus hətta qurumuş və görünməyən qan ləkələrində - ülgücün, qayçıların, tibbi alətlərin üzərində, iynələrin ucunda və s. - qalır. Virusun belə davamlılığına görə hepatit B-yə yoluxanların sayı çoxdur və artmağa da davam edir.

Əksər hallarda hepatit B 20-49 yaş arası insanlarda aşkar olunur. İnkişaf etmiş ölkələrdə uşaqlar və yeniyetmələr hepatit B-dən peyvənd olunur və bu da xəstəliyin azalmasına səbəb olur.
İnsan bu virusa pirsinq, tatu, manikür, pedikür zamanı, həmçinin xəstəxanalarda və stomatoloji kabinetlərdə yoluxa bilər.

Hepatit B orqanizmə düşdükdən sonra müəyyən müddət ərzində (2 aydan 6 aya kimi) özünü heç bir simptomla büruzə vermir. Buna inkubasiya dövrü deyilir. Lakin bu müddət ərzində yoluxmuş insan digərləri yoluxdura bilər. Daha sonra infeksiya özünü bu kimi simptomlarla büruzə verir:
- yorğunluq, halsızlıq
- hərarətin artması
- iştahanın azalması
- sarılıq (dəri və göz almaları sarı rəng alır)
- sağ qabırğaaltı nahiyyəsində diskomfort
- oynaqlarda ağrılar
- sidiyin rəngi tündləşir (tünd çaya oxşayır, köpüklüdür), nəcisin rəngi açıq olur.
Bu simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır. Həkim xəstəyə qanın xüsusi analizlərini təyin edəcək. Kəskin hepatit B əksər hallarda tam sağalma ilə nəticələnir. Adətən kəskin hepatit B zamanı xüsusi virus əleyhinə preparatlar təyin olunmur. Bəzi hallarda virus orqanizmə daxil olduqdan sonra kəskin hepatit B inkişaf etmir, infeksiya dərhal xroniki formaya keçir. Bu əksər hallarda immun sistemi zəif olan insanlarda baş verir.
Xroniki hepatit B zamanı simptomlar adətən daha az ifadə olunur. Xəstə yorğunluq, halsızlıq, qara ciyər nahiyəsində diskomfort hiss edə bilər, dərisi sarala bilər. Bu halda mütləq hepatoloqa müraciət etmək lazımdır. Hepatit B müasir virus əleyhinə preparatların köməyi ilə uğurla müalicə olunur.
Xroniki hepatit B zamanı qara ciyərin funksiyaları saxlanılıbsa, virus əleyhinə müalicə təyin olunmur. Əks halda xəstəyə virus əleyhinə uzunmüddətli müalicə təyin olunur. Belə xəstələr daim hepatoloqun nəzarəti altında olmalıdırlar.

Müalicəsiz buraxılmış hepatit B gecikmiş mərhələlərdə qara ciyərin sirrozuna və qara ciyərin xərçənginə səbəb ola bilər.

Bu virusa qarşı peyvənd mövcuddur.

Son məqalələr