Faringit nədir?

11.01.2017

Udlaq - ağız boşluğu və yemək borusunun arasında yerləşən, mədə-bağırsaq sisteminin yuxarı hissəsidir. Faringit udlağın selikli qişasının və limfoid toxumasının iltihabıdır.


Faringit kəskin və xroniki olur.
Səbəbləri:
Ən çox rast gəlinən virus faringitinə respirator infeksiyalarının törədiciləri olan adenovirus, rinovirus, paraqripp virusu, koronavirus, Epşteyn-Barr virusu, sitomeqalovirus və s. səbəb olurlar. Adətən, kəskin virus faringiti istənilən respirator infeksiya ilə yanaşı inkişaf edir. Daha nadir hallarda rast gəlinən bakterial faringitə isə streptokokk, neyseriya, mikoplazma, xlamidiyalar səbəb olurlar.
Xroniki faringit yuxarı tənəffüs yollarının xroniki və ya kəskin infeksiyası, həmçinin, udlağın davamlı olaraq alkohol, tüstü, digər mexaniki və kimyəvi maddələrlə qıcıqlanması nəticəsində inkişaf edə bilər.
Simptomlar:
- boğaz ağrıları;
- boğazda qıcıqlanma, göynəmə
- quru öskürək;
- hərarətin artması;
- boyun limfatik düyünlərinin böyüməsi.
Farinqoskopiya zamanı udlağın selikli qişası qızartılıdır. Badamcıqların iriləşməsi ola bilər.
KRVİ (kəskin respirator virus infeksiyaları) və digər infeksion xəstəliklərdə kəskin faringitin simptomları adətən əsas xəstəliyin simtomları ilə tamamlanır: yüksək hərarət, rinit, bronxit, öskürək, orqanizmin güclü intoksikasiyası əlamətləri, əzələ ağrıları, səpgi və s.
Xroniki faringit zamanı xəstə boğazda quruluq və qıcıqlanmadan, uzun sürən quru öskürəkdən şikayətlənir.
Diaqnostika
Diaqnostika, ilk növbədə, xəstəyə baxışdan və farinqoskopiyadan başlanır. Zəruriyyət yarandıqda həkim digər müayinələr də təyin edə bilər.
Yalnız həkim bakterial infeksiyanı virus infeksiyasından ayırd edə və vaxtında lazımi müalicəni tətbiq edə bilər.
Xroniki faringitə şübhə yarandıqda onun səbəbini araşdırmaq üçün dərhal həkimə müraciət etmək lazımdır.
Müalicəsi
Faringitin müalicəsi onun etiologiyasından asılıdır.
Xəstənin rasionunda qıcıqlandırıcı (çox isti, soyuq, turş, acı, duzlu) yeməklər olmamalı. Sutka ərzində çoxlu maye (1,5-2 l) qəbul olunmalı. Siqaret tüstüsü güclü qıcıqlandırıcı faktor olduğundan müalicə zamanı siqaretdən imtina etmək və yaxud sayını minimuma endirmək lazımdır.
Xəstəlik virus mənşəli olduqda müalicə əsasən lokal xarakter daşıyır: antiseptik və iltihabaqarşı məhlullarla qarqara, aerozollardan istifadə, inqalyasiyalar. 
Xəstəliyin bakterial mənşəli olduğu müəyyən edilərsə həkim antibiotiklər təyin edə bilər.

Nadirova Xalidə,

LOR-həkimi, SƏHHƏT klinikası

 

Son məqalələr