Prostat vəzin xəstəlikləri

17.02.2017

Pasiyentlərimizin elektron ünvanımıza yolladıqları məktubların bir qismini uroloji problemlərlə bağlı suallar təşkil edir. Bu suallardan bir neçəsini Səhhət klinikasının həkim-uroloqu Rauf Axundovdan cavablandırmağı xahiş etdik.

Prostat vəzisində yaranan problemləri necə uzaqlaşdırmaq olar?

Prostat vəzin xəstəlikləri bir sıra müxtəlif səbəbləri olan patologiyalardən ibarətdir. Prostat vəzin şişi (adenoma) 50 yaşdan yuxarı hər ikinci, 80 yaşdan yuxarı isə, demək olar ki, bütün kişilərdə əmələ gəlir. Lakin, yalnız prostat vəzin böyüməsi ilə yanaşı sidik kisəsinin boşalmasında problemlər yarandıqda bunu artıq xəstəlik hesab etmək olar. Yaşla əlaqədar olaraq prostat vəzin böyüməsi hormonal dəyişikliklərlə bağlı fizioloji prosesdir. 
Ən çox yayılan xəstəliklər qrupu prostatitlərdir. Onların bəzilərinin törədiciləri mikroorqanizmlərdir- bakteriyalar, göbələklər, venerik xəstəliklərinin törədiciləri. İnfeksiya prostat vəzinə əsasən elementar higiyenik qaydalara riayət olunmayanda, qorunmayan cinsi əlaqələr zamanı sidik yolları ilə daxil olur. İltihabi, mikrob mənşəli olmayan prostatitlər də olur. Hətta, prostatitsiz prostatit adlanan, aralıqda ağrı və diskomfort hissi yaradan, lakin müayinə zamanı prostat vəzidə heç bir iltihabi proses aşkarlanmayan hallar da mövcuddur. Xəstəliyin bu forması əsasında kiçik çanaqda qan durğunluğu durur. Bunun səbəbləri isə müxtəlif ola bilər. Məsələn, babasil, fərdin normal seksual həyatının ritminin pozulması, az hərəkətli həyat tərzi və s. Bu səbəbdən, təmizkar olun, özünüzü soyuğa verməyin, təsadüfi, qorunmamış cinsi əlaqələrdən uzaq durun.

                            
Ən böyük təhlükə prostat vəzin xərçəngidir. 50 yaşdan yuxarı kişilər arasında xərçəngdən ölüm hallarının əksəriyyəti onun payına düşür. İş orasındadır ki, xəstələr həkimə yalnız o zaman müraciət edirlər ki, artıq xəstəlik xeyli inkişaf edib: sidiyə çıxmaqda çətinliklər yaranıb, aralıqda ağrılar var, gecələr spontan ereksiya yaranır. Bu mərhələdə tibbin imkanları məhduddur.

50 yaşdan sonra cinsi yaxınlıqla "vidalaşmaq" lazımdır mı?

Təşvişə düşmək üçün əsas yoxdur. Lakin, həyat tərzinizdə bəzi dəyişikliklər etmək məqsədə uyğundur. Bəllidir ki, kişi xəstəliklərinə kiçik çanaqda qan durğunluğu gətirib çıxarır, o isə, öz növbəsində, oturaq vəziyyətdə çox vaxt keçirən, az aktiv həyat tərzi sürən insanlarda müşahidə olunur. Unutmayaq ki, 50 yaş artıq 20 yaş deyil və cinsi aktivliyin azalması qaçılmazdır. Cinsi aktivlik prostat vəzin sağlam qalmasında böyük rol oynayır. Bu səbəbdən həyatınızın bu hissəsinə önəm verməyiniz vacibdir.

Reklam olunan adenomaya qarşı preparatların doğrudanmı faydası var?

Bu günə olan heç bir preparat adenomanı tam əritmək gücünə malik deyil. Düzdür, bəzi dərman preparatları hətta cərrahi əməliyyatsız də keçinməyə imkan verirlər. Lakin, bu preparatların təsiri müxtəlifdir və bütün xəstələrdə eyni effekti vermirlər. 
Birincisi, bəzi xəstələrə onlar əks göstərilib. İkincisi, onların qəbulu yalnız digər vasitələrin faydasız olduğu hallarda tövsiyyə olunur. Üçüncüsü, bir müddət bu dərmanı qəbul etdikdən sonra, o, artıq təsir göstərməyə bilər və yeni müalicə metodlarını axtarmaq lazım ola bilər. Bütün bunları yalnız həkim müəyyən etməli. Lazımsız dərmanlara pul xərcləməmək, ən əsası isə vaxt itirib ağırlaşmalara gətirib çıxarmamaq üçün dərmanları yalnız həkimin məsləhəti ilə qəbul etmək lazımdır.

Əməliyyatdan sonra seksual funksiya bərpa oluna bilərmi?

Mütləq. Açıq (sidik kisəsindən keçirilən) əməliyyatdan sonra cinsi funksiya tam həcmdə bərpa olunmaqla yanaşı seksual aktivliyin artması da müşahidə olunur. Bu gün adenomanı transuretral ( sidik kisəsini yarmadan) üsulla - sidik axarı ilə xüsusi alətlə xaric edirlər. Seksual funksiya bərpa olsa da, mayalanma əksər hallarda artıq mümkünsüz olur. Çünki, 70% xəstələrdə eyakulyasiya xaricə yox, daxilə, yəni sidik kisəsinə olur.

Prostat vəzin adenoması xərçəngə keçə bilərmi?

Yox. Bunlar iki fərqli xəstəlikdir. Əgər adenomalı xəstədə bu xəstəliyin bütün əlamətləri müşahidə olunursa, antiprostatik anticisimlərin miqdarı norma daxilindədirsə, xərçəng barədə narahat olmağa dəyməz. Lakin, hormonal dəyişikliklər nəticəsində böyümüş, həkimlərin dilində desək hiperplaziyaya uğramış vəzidə xərçəng yarana bilər.

Prostat vəzin adenoması çox rast gəlinən xəstəlikdir?

Prostat vəzin adenoması yaşlı kişilərdə ən çox rast gəlinən xəstəlikdir. Onun payına prostat vəzidə yaranan problemlərin 80%-i gəlir. Adenoma prostat vəzin xərçəngi və prostatiti geridə qoymaqla ən tez-tez əmələ gələn xəstəlik hesab olunur. Ona, 50 yaşlı kişilərin 40%-də, 80 yaşdan yuxarı 90% kişilərdə rast gəlinir. Hesab olunur ki, 50 yaşdan yuxarı kişilərin əksəriyyətində prostat vəzin adenoması ilə əlaqəli hər hansı bir dəyişiklik var. 
55-74 yaş arası kişilərin 95%-in prostat vəzin həcmi 30 sm3-dan çoxdur. Hər dördüncü kişidə - 40 sm3, hər 8-ci də - 50sm3 təşkil edir. Yaş ötdükcə prostat vəzin həcmi hər il 2 % artır.
Beləlikə, 35 il ərzində prostat vəzin həcmi iki dəfə artır. Prostat vəzin adenomasının inkişafının risk faktorlarını araşdırmaq üçün keçirilmiş bir sıra tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, risk faktorları yalnız yaş və xayaların normal sekretor funksiyasındakı dəyişikliklərdir.

 

 

Son məqalələr