Keratokonus nədir?

07.03.2017

Keratokonus degenerativ qeyri iltihabi göz xəstəliyidir. Bu xəstəlik zamanı buynuz qişa nazilir və gözdaxili təzyiqin normal olmasına baxmayaraq önə qabararaq konus formasını alır. Bu cür buynuz qişadan keçən işıq şüaları qeyri düzgün sınaraq tor qişada təhrif olunmuş görüntü əmələ gətirir. Keratokunus əksər hallarda( 95%) bir gözdən başlasada sonda hər iki gözü zədələyir. Xəstəlik 15-25 yaş arasında proqressivləşən yaxından görmə və astiqmatizm ilə başlayır. Hər oftalmoloji baxış zamanı yeni eynək və ya linzanın təyin olunması vacib olur. Lakin, bir müddətdən sonra eynək korreksiyası artıq dəqiq görüntü vermir. Əşyalar qeyri dəqiq, uzanmış, dumanlı görünür. Parlaq işığa həssaslıq yaranır, yaşarma, qıcıqlanma əmələ gəlir. Uzun müddət yalnız kontakt linzalar kömək edir. 

                                                   
Keratokonusun səbəbləri hələ dəqiq bəlli deyil. Buynuz qişadakı fermentlərin balansı pozulduqda kornea sərbəst radikallara qarşı müqavimət göstərməkdə aciz olur. Bu sərbəst radikallar korneanı zədələdikdə onun incəlməsi və qabarmasına gətirib çıxarır. 
Korneanın zədələnməsinə nələr səbəb ola bilər:
- Ultrabənövşəyi şüaların davamlı təsiri
- Gözlərin üzün müddət ovxalanması
- Düzgün seçilməmiş kontakt linzalardan istifadə

30 % hallarda keratokonusa allergik xəstəliklərlə (astma, ekzema, allergik konyunktivit) birlikdə təsadüf olunur. Gözlərin uzun müddətli qaşınması nəticəsində kornea zədələnir.
Bəzi tədqiqatlar fermentlər balansının pozulmasına irsi meyllik olduğunu göstərir.

Müalicə
Keratokonusun ilkin mərhələsində müalicədə eynək va kontakt linzalardan istifadə olunur. Astiqmatizm artdıqca bu cür terapiya artıq nəticə vermir.
Keratokonus zamanı individual olaraq seçilən və hazırlanan sərt kontakt linzalardan geniş istifadə olunur. Gözə taxılaraq sərt linza öz formasını saxlamaqla kornea ilə bir şüasındırma səthi yaratmaqla dəqiq görüntü əldə etməyə imkan yaradır. Lakin, sərt linzanın qabarmış korneada gəzdirilməsi xeyli diskomfort hissi yaradır.
Bəzən sərt kontakt linzaları yumşaq linzaların üzərindən taxırlar ki, axırıncılar amortizasiya rolunu oynasınlar. "Biri digərin üstündən" sistemi ilə yığlmış linzalar baha başa gəlir.
Hibrid linzalar havakeçirən sərt mərkəzdən və yumşaq kənari halqədən ibarət olduğu üçün yüksək görmə qabiliyyəti verir və istifadəsi rahat olur. 
Skleral və yarımskleral linzalar böyük diametrli havakeçirən sərt linzalardır. Linzanın kənarı skleranın üzərində yerləşdiyi üçün buynuz qişaya az təzyiq göstərir və gözdə yerləşməsi stabil olur.
İntrastromal halqalar kontakt linzalardan istifadə edə bilməyən şəxslərdə istifadə olunur. Təxminən 10 dəqiqə sürən əməliyyat zamanı şəffaf halqalar korneaya yeridilir. Bu, onun mərkəz hissəsinin yastılaşmasına gətirir. Nəticədə, korneanın forması daha sferik olur, görmə itiliyi artır. Halqalar keratokonusun gedişatını ləngidə bilərlər, lakin onun sonrakı inkişafını tam aradan götürə bilməzlər.
Krosslinkinq kollagen lifləri (korneanın əsas struktur zülalı) arasında köndələn "tikişlərin" qoyulmasıdır. Bu korneanı möhkəmləndirir və dartılmaya dözümlü edir. Lakin, bu cür müdaxilə kornea üzərində çapıqla nəticələnə bilər. 
Korneanın transplantasiyası keratokonusun ən effektiv müalicə üsuludur. Əməliyyat zamanı qabarmış kornea xaric edilərək sağlam, donor korneası ilə əvəz olunur.

Aida Əliyeva,
oftalmoloq,
SƏHHƏT klinikası

Son məqalələr