Kombustiologiyaya aid suallara cavablar

14.03.2017

Sual:
Uşağım qaynar suda yanaraq, 3-cü dərəcəli yanıq xəsarətləri alıb (çənə, çiyin, qarın nahiyələri). Küçəyə çıxanda yanıq yerlərinə hər hansı məlhəm və ya krem sürtmək lazımdırmı? Günəş şüaları ona ziyandırmı?
Cavab:
Birbaşa günəş şüaları hamıya, ələlxüsus uşaqlara ziyandır. Yanıqlardan sonra bir neçə il ərzində yaraları günəş şüalarından qorumaq üçün mütləq qoruyucu kremlərdən istifadə etmək (SPF faktoru ən azı 50 olanlar) lazımdır.

Sual:
Uşağım qaynar suda yanaraq 3-cü dərəcəli yanıq xəsarətləri alıb (çənə, çiyin, qarın nahiyələri). Küçəyə çıxanda yanıq yerlərinə hər hansı məlhəm və ya krem sürtmək lazımdırmı? Günəş şüaları ona ziyandırmı?
Cavab:
Birbaşa günəş şüaları hamıya, ələlxüsus uşaqlara ziyandır. Yanıqlardan sonra bir neçə il ərzində yaraları günəş şüalarından qorumaq üçün mütləq qoruyucu kremlərdən istifadə etmək (SPF faktoru ən azı 50 olanlar) lazımdır.

Sual:
2016-cı ilin fevralında uşağım dərin termik yanıq alıb. Sağ ayağı yanıb. Çapıqlar qalır, diz qatlanan yerdə çapıq lap qalındır. Konservativ müalicə almışıq, gündə 3 dəfə nəmləndirici krem sürtürük. Çapıqlar bir az yumşalıb, amma dizdə dəri tez-tez çatlayır, həmin yer möhkəm qaşınır. Əməliyyatdan çox qorxuruq. Çapıqları başqa yolla götürmək olarmı? 
Cavab:
Uşağınızın diz oynağında kontraktura yaranıb. Yanıqdan bir il keçib. Konservativ müalicə artıq fayda verməz (fiziki məşğələlər istisna olmaqla). Cərrahi reabilitasiya vacibdir.

Sual:
Doktor, yaraların sağalmasını tezləşdirmək üçün neynəmək olar? Deyirlər bu mümkündür.
Cavab:
Bütün pasiyentlərimə dediklərimi bir də təkrarlayıram: yanıqların müalıcəsi üçün nəzərdə tutulmuş səmərəli preparatların hazırlanması üzrə işlər bütün dünyada görülür. Lakin yanıq yaralarının sağalmasını tezləşdirmək mümkün deyil! Səthi yanıqlar belə nə ilə müalicə olunmasından asılı olmayaraq, 7-10 gün ərzində sağala bilər. Dərin yanıqların sağalması isə ən azı 15-18 gün çəkə bilər.

Sual:
İki yaşlı uşağımın dirsəkdən aşağı əli qaynar suda yanıb. Qarnı və ayağı da yanıb, amma oradakı yanıqlar böyük deyil və narahatlıq yaratmır. Üstündən iki gün keçib. Ümumi halı pis deyil, yemək yeyir, maye içir. Gecələr yata bilir, qızdırması yoxdur. Uşaq sarğılardan çox qorxur. Əvvəl biz BrandolindN - dən istifadə etdik, indi isə bizə fibrokolAg sarğılarını məsləhət görüblər. Onlar yaraya yapışmır və iki gün sarğını dəyişməmək olar. Yanan əl şişib, suluqlar əmələ gəlib, bəziləri deşilib. Sarğı qoymağa uşaq imkan vermir. Əlini normal işlədə bilir. Əl hərarətinin bədən hərarətindən yüksək olması normaldırmı? Ödem nə zaman keçəcək?
Cavab:
Siz mütləq həkim-kombustioloqun qəbulunda olmalısınız, çünki qaynar sudan yaranan yanıqlar dərinin dərin qatlarını zədələyə bilər. Belə yaraları cərrahi üsullarla müalicə edirlər. Hələlik isə bütün suluqları təmizləyib atravmatik silkofiks sarğılarından istifadə edə bilərsiniz.

Sual:
Ərim qaynar su və qələvinin reaksiyası nəticəsində 2-3-cü dərəcəli yanıq xəsarəti alıb ( kürək, ayaq, qol). Sarğını nə ilə qoymaq yaxşı olar? Qızdırması bir həftədir düşmür, 38-dir, bəzən düşür. Nəyi məsləhət görərdiniz?
Cavab:
Yoldaşınız termo-kimyəvi yanıq alıb. Sadaladığınız nahiyələr göstərir ki, yanıq sahəsi böyükdür. Çox güman ki, yanıqlar dərindir. Buna görə də sizə yoldaşınızı təcili olaraq xəstəxanaya, həkim-kombustioloqun qəbuluna aparmağı tövsiyə edirəm.

Sual:
Salam həkim! Məsləhətinizə ehtiyacım var. Bir həftə qabaq üstümə bir stəkan qaynar su tökülmüşdür. Təcili yardımı çağırmadım. Bir 10 dəqiqəyə yaxın soyuq suyun altında durdum, sonra isə olazol-la sarğılar elədim. Yanıq deyəsən səthidir (qovuqlar yoxdur). Yanıq yeri isə böyükdür, budun aşağı üçdə biri və baldırın yuxarı üçdə biri. Bir həftədir ki ödem, qızartı və ağrı var. Həkimə getmək imkanım yoxdur, uzaqdır. Soruşmaq istəyirəm bu yaranın sağalmasına nə qədər vaxt lazımdır və yaranın yerində çapıq ya ləkə əmələ gələ bilərmi?
Cavab:
Səthi yanıqlar adətən 7-10 gün ərzində sağalır. Əksər hallarda belə yanıqlar çapıqlar əmələ gətirmir. Amma dərinin rəngində dəyişikliklər ola bilər. Vaxtında həkimə müraciət etmək vacibdir, hələlik isə gün aşırı yaralara levomekol məlhəmi sürtüb sarıya bilərsiniz.

Sual:
İki il əvvəl ayaqlarım qaynar suda yanıb. 2-ci dərəcəli yanıq demişdilər. Həmin yerlərdə çapıqlar əmələ gəlməsədə dərinin rəngi dəyişib, ağarıb. Gündən qaralmır. Dərimin rəngi düzələcəkmi?
Cavab:
Göndərdiyiniz şəkillərə baxdıq. Vaxt ötdükcə dərinin rəngi normallaşacaq, xüsusi müalicəyə ehtiyac yoxdur. Ancaq unutmayın ki, ən azı 2 il ərində xəsarət almış nahiyələri günəş şüalarından qorumaq lazımdır, əks təqdirdə dispiqmentasiya (dərinin qeyri-bərabər rəngi) yarana bilər.

Sual:
Salam. 19 yaşım var. Neyrocərrahi əməliyyat keçirmişəm. Elektrokoaqulyatordan sol baldırımda 7x9 sm ölçüdə 3-cü dərəcəli yanıq əmələ gəlib. Əvvəl levomekol sürtürdüm və perekislə yuyurdum. Qabığa əl vurmaq olmaz, özü qopacaq dedilər. Evə qayıdandan sonra yanıq irinlənməyə başladı. Travmatoloqa müraciət etdik və mənə belə müalicə yazdılar: 40%-li salisil mazı və vişnevski mazının qarışığı, gündə üç dəfə. Qabığı 2 həftədən sonra qopartmaq lazım olduğunu və müalicənin çox vaxt tələb etdiyini dedilər. Yazılan müalicə düzgündürmü? Çapıqların əmələ gəlməsindən çox qorxuram. 
Cavab: 
Dediyinizə əsaslanaraq, dərinizin elektrik yanığı aldığını başa düşürəm. Bu cür xəsarətlərdə heç bir məlhəmin faydası olmaz. İlk növbədə cərrahi üsulla nekrozlaşmış qabıq (strup) götürülür, sonra isə yaranın plastik bağlanması həyata keçirilir. Kombustioloqa müraciət etməyiniz lazımdır.

Sual:
Salam! Uşağın (1 yaş) əlində yanıq var. Sarğılarla müalicə olunur. Daha müasir müalicə növləri mövcuddurmu? Sarğıların effekti varmı?
Cavab: 
Sarğılar yaranın ən qısa zamanda sağalması üçün optimal şərait yaradan müalicə növüdür, istifadəsi asandır. Onlardan istifadənin lazım olub olmadığını isə yalnız həkim-kombustioloq müəyyən etməlidir. Məsləhət görürəm:
1. Kombustioloqun qəbulunda olun;
2. Gümüş tərkibli kremlərdən istifadə edin;
3. Yara tam sağalanacan uşağın əlinə langet qoyun.

Sual:
Ev şəraitində tatunu turşu ilə çıxartmaq istəyirdim. Tatu yerində qara nazik qabıq əmələ gəlib, ətrafı isə qızarıb və ağrıyır. Nə edə bilərəm?
Cavab:
Siz kimyəvi yanıq almısınız, çox güman ki, dərin yanıqdır. Mütləq mütəxəssisə müraciət etməlisiniz. Alınmış xəsarətin ölçülərindən asılı olaraq nekrektomiya ( nekrozlaşmış toxumaların götürülməsi) və autodermoplastika (dərinin köçürülməsi) lazım ola bilər.

Dr. Rinat Murtuzayev, cərrah-kombustioloq