Histeroskopiya haqqında

11.05.2017

Histeroskopiya - uşaqlığın daxili səthinin (endometriumun) müayinə metodudur. Baxış histeroskop ilə icra olunur. Bu uzun elastik başlıqlı videosistemdir. Həkim histeroskopu uşaqlıq yoluna, sonra isə uşaqlıq boynu və uşaqlığa daxil edir. Histeroskopun başlığı videokamera və işıq ilə təchiz olunub. Müayinə zamanı həkim uşaqlığın daxili səthini ekranda görür. Müayinə diaqnostik və terapevtik məqsədlərlə təyin olunur.

Histeroskopiyaya göstərişlər:
-Qeyri-mütəmadi və ya intensiv menstruasiya (hipermenoreya və ya menorragiya);
-Qadınlarda sonsuzluq;
-Mioma, çapıq, polip və digər törəmələrin xaric edilməsi;
-Endometrium anomaliyaların aradan götürülməsi;
-Doğuşdan sonra cift qalıqlarının təmizlənməsi;
-Kontraseptivlərin daxil edilməsi (uşaqlıqdaxili spiral, kontraseptiv implant);
-Uşaqlıq borularının keçiriciliyin qiymətləndirilməsi.
Baxış zamanı həkim uşaqlıqdan müayinə üçün (biopsiya) kiçik toxuma parçası götürə bilər.

Müayinəyə əksgöstərişlər:
Histeroskop uşaqlıq yolu və uşaqlıq boynundan keçirilərək uşaqlığa daxil edilir. Sadalanan orqanların hər hansı hissəsində iltihabi və infeksion xəstəliyin mövcudluğu uşaqlıq boşluğuna infeksiyanın daxil olması riskini artırdığına görə müayinəyə əks göstərişdir.
-İnfeksion xəstəliklər;
-Ağır somatik xəstəliklər (qara ciyər, böyrəklər, ürək-damar sistemi və s.), ağır ümimi vəziyyət;
-Uşaqlıq boynunda böyük ölçülü törəmələr, uşaqlıq boynunun daralması;
-İnkişaf edən hamiləlik;
-Uşaqlıqdan intensiv qanaxma;
-Histeroskopiya 15 yaşından kiçik qızlara məsləhət görülmür.

Histeroskopiyaya necə hazırlaşmalı?
Histeroskopiyadan öncə həkim-ginekoloqa müraciət olunmalıdır. O, güzgü vasitəsi ilə və əl ilə uşaqlıq yolunun və uşaqlıq boynunun baxışını keçirir. Götürülmüş yaxmalar bakterioloji analiz və mikrofloranın təyini üçün laboratoriyaya göndəriləcək. 
1. Histeroskopiya adətən menstruasiyadan 3-5 gün sonra aparılır. Müayinəyə bir həftə qalmış dərman preparatlarından (şamlar, həblər, spreylər), yerli kontrasepsiya vasitələrindən, intim gellərdən, gigiyenik vasitələrdən istifadə dayandırılır. Müayinəyə 2 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girmək olmaz.
2. Uşaqlıq boşluğundan hər hansı törəmənin xaric edilməsi planlaşdırılrsa bir neçə günə stasionara hospitalizasiya olunmağa hazır olmaq lazımdır. Əməliyyat yerli anesteziya və ya narkozla keçirilə bilər. Diaqnostik müayinə ağrısızlaşdırılma tələb etmir.

Histeroskopiyadan sonra:
- Uşaqlıq yoluna tamponlar daxil edilməməli, alternativ olaraq gigiyenik bezlərdən istifadə etmək tövsiyyə olunur.
- 3 gün ərzində cinsi əlaqədə olmamaq
- Hamama, saunaya getməmək, isti vanna qəbul etməmək

Histeroskopiyadan sonra ağırlaşmalar:
Histeroskopiyadan sonra ağırlaşmalara çox nadir hallarda - 1% xəstələrdə rast gəlinir. Onların arasında daha çox rast gəlinənlər:
- Uşaqlığın perforasiyası (histeroskopla divarın deşilməsi), uşaqlıq qanaxması;
- Uşaqlığın infeksiyalaşması, qadın cinsi orqanlarının xroniki xəstəliklərinin kəskinləşməsi;
- Qazlı histeroskopiya zamanı havanın qan damarlarına daxil olması mümkündür;
- Allergik reaksiyalar və anesteziya vasitələrinin əlavə təsirləri.
Histeroskopiya olduqca təhlükəsiz müayinə üsulu hesab olunur. Lakin, nəticələrin düzgün oxunması və ağırlaşmaların riskini azaltmaq üçün histeroskopiyanı yalnız təcrübəli mütəxəssisə həvalə etmək lazımdır.

Histeroskopiya necə keçirilir?
1. Histeroskopiya cərrahi diaqnostika üsullarına aiddir və o, həm planlı şəkildə həm də təcili hallarda keçirilə bilər. Prosedur əvvəlcədən planlaşdırılıbsa pasiyentdən qan, sidik, uşaqlıqdan yaxma analizləri götürülür, flüoroqrafiya və ürəyin kardioqramması çəkilir. Analizlərin cavablarına görə pasiyentdə hər hansı iltihabi xəstəliyin olub olmadığı müəyyən edilir. Hazırlıq mərhələsində həkim pasiyentin səhhətində hər hansı dəyişiklik aşkarlaya və anesteziya növünü seçə bilər.
2. Planlı şəkildə xəstəxana şəraitində keçirilən prosedur zamanı həkimin pasiyenti müayinə barədə bilgiləndirmək üçün yetərincə vaxtı olur. Müayinəyə bir gün qalmış təmizləyici imalə təyin olunur, müayinədən öncə sidik kisəsi boşaldılır. Müayinə ac qarına həyata keçirilir.
3. Ambulatoriyada əməliyyat yalnız o zaman keçirilə bilər ki, pasiyenti dərhal stasionara köçürmək imkanı olsun. Diaqnostika menstruasiyanın 7-ci günü aparılır, lakin klimakterik periodda və yaxud təcili hallarda əməliyyatın hansı gün keçirilməsi əhəmiyyət daşımır. 
4. Uşaqlığın normada bağlı olması səbəbindən həkim onu lazımi dərəcədə genişləndirmək üçün xüsusi maddə - qaz və ya mayedən istifadə edir. Histeroskopiya zamanı pasiyent ginekoloji kresloda uzanır. Həkim əvvəl adi baxış keçirir. 
5. Xüsusi lavta ilə uşaqlıq boynu fiksə edilir və dartılır, bu isə uşaqlığın xüsusu genəldici alətlər vasitəsi ilə genişləndirilməsinə imkan verir.
6. Histeroskopiya zamanı genişləndirilmiş uşaqlığa yavaş-yavaş eni təxminən 5 mm olan histeroskop daxil edilir. Hər pasiyentin müayinəsinə sərf olunan vaxt fərqlənə bilər, çünki histeroskopiyanın hansı məqsədlə aparıldığı (diaqnostik və ya cərrahi) da rol oynayır. Diaqnostik müayinə adətən anesteziyasız keçirilir, müalicəvi müayinə isə damar daxili anesteziya preparatının daxil edilməsini tələb edir. Bütün manipulyasiyalardan sonra uşaqlıq nahiyyəsində zəif ağrılar müşahidə oluna, 2-3 gün ərzində az qanaxma ola bilər.

Histeroskopiya ən təhlükəsiz müayinə növlərindən biri sayılır, bu səbəbdən ağırlaşmalar çox nadir hallarda yaranır. Yarana biləcək ağırlaşmalar əsasən aşağıdakılardır:
- Endometrit - infeksiyanın daxil olması nəticəsində uşaqlığın daxili səthinin iltihabı. Keçirilmiş histeroskopiyadan üç gün sonra iltihabi prosesin ilkin əlamətləri qeyd oluna bilər: qarında ağrı hissi, qızdırma, uşaqlıq yolundan irin qarışıqlı ifrazat. 
- Perforasiya, uşaqlıq divarının deşilməsi (çox nadir halarda). Bu cür ağırlaşma yalnız əməliyyat qeyri professional tərəfindən aparıldıqda mümkündür. Belə halda pasiyent qarın nahiyyəsində şiddətli ağrı hiss edə, təzyiqi düşə, hətta huşunu itirə bilər.
- Güclü qanaxma (histeroskopiyadan sonra olan normal qanaxmalardan fərqli). Bu hallarda pasiyentə təcili olaraq müvafiq yardım göstərilir.

Əlixanova Səidə,
həkim-ginekoloq, SƏHHƏT klinikası

Son məqalələr