Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM)

14.07.2017

Bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölüm səbəblərinin arasında 1-ci yer tutur. Müasir kardiologiya xəstələrə kömək göstərmək üçün ən geniş imkanlara malik olduğu halda təəssüf ki, pasiyentərin əksəriyyəti həkimə gec,  bəzən artıq infarkt və ya insultla müraciət edirlər.

Qarşısının alınması çətin olan aterosklerozla yanaşı həyat üçün təhlükə yarada biləcək (məs., ürək və ya beyin qan təchizatının pozulması) halların səbəbi "adi" hipertoniya xəstəliyidir. Çoxları bilmir ki, bu xəstəlik cavan yaşdan başlayaraq heç bir simtomsuz uzun illər ərzində inkişaf edə bilər. 30 yaşında heç kim arterial təzyiqin yuxarı və ya aşağı göstəricisinin bir neçə vahid yüksəlməsinə fikir vermir, çoxlarının evində heç tonometr də yoxdur. Hipertoniyadan  təsadüfən xəbər tutanlar isə  adətən xəstəliyi ciddi saymayaraq müalicə olunmaqdan imtina edirlər.

Hipertoniya xəstəliyinin diaqnostikası ilə bağlı digər problem "ağ xalat sindromu"dur. Bəzilərimiz uşaqlıqdan həkimlərdən və tibb müəssisələrindən qorxur. Bu səbəbdən kardioloqun qəbulu zamanı tonometr xəstəliyin olmadığı halda  birdən birə əsassız  yüksək rəqəmlər göstərə bilər. Bəzilərində isə iş zamanı və ya gecələr təzyiqin yüksək olduğu halda  xəstəxana şəraitində təzyiq əksinə, düşür... Bəs bu hiyləgər hipertoniyanı necə tutmaq olar?

Obyektiv informasiyanı əldə etmək üçün arterial təzyiqin sutkalıq monitorinqi (ATSM) aparılır. Prosedur zamanı pasiyent 1-2 sutka ərzində  üzərində arterial təzyiqin göstəricilərini  qeyd edən xüsusi cihaz gəzdirir. Müayinənin nəticələrinə əsaslanaraq həkim hipertoniya xəstəliyi və ya simptomatik arterial hipertoniyanı (təzyiqin hər hansı xəstəlikdən asılı olaraq artması) təsdiq və ya inkar edə bilmək üçün bütün zəruri məlumatı əldə edir.

ATSM-nın daha bir faydalı xüsusiyyəti ondan pasiyentdə artıq mövcud hipertoniya xəstəliyi zamanı müalicəyə nəzarət kimi istifadə olunması imkanıdır. Belə halda pasiyentlər dərman qəbuluna davam edirlər.


Bəzən ATSM Holter monitorinqi (EKQ-nin sutkalıq monitorinqi) ilə yanaşı aparılır ki, bu da  ürək-damar xəstəliklərinin diaqnostikası imkanlarını qat-qat artırır.
 

Göstərişlər:
 

  • -"ağ xalat sindromu"na şübhə olanda;
  • -arterial təzyiqin tranzitor yüksəlməsi (diaqnoz qoymaq üçün kifayət qədər yüksək olmasa da həkimdə şübhə yaradır);
  • -ilk dəfə aşkarlanan arterial təzyiqin artması;
  • hipertoniyanın simptomatik xarakter daşıdığına şübhə yarandıqda (məs., arterial təzyiqin həkim konsultasiyası ilə bağlı stresslə və ya yanaşı xəstəliklə əlaqədardırsa);
  • -hipertoniya xəstəliyinə irsi meylliliyi olan gənclər;
  • -pasiyentdə bayılma halları olursa hipotoniyanı (aşağı AT) istisna etmək üçün
  • -hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi və beyin damarlarının zədələnməsi təsdiqlənmiş xəstələrdə AT-in kritik göstəricilərinini müəyyən etmək üçün;
  • -medikamentoz terapiyanın qiymətləndirilməsi və korreksiya olunması.

 

Ofis hipertoniyasının müəyyənləşdirilməsi ("iş yerində" hipertoniya) əmək və istirahətin vaxtında korreksiya olunması üçün vacibdir. Hesab olunur ki, bu tip hipertoniyada risk  stabil hipertoniya  ilə müqayisədə daha azdır. Lakin, ofis hipertoniyası heç də zərərsiz hal deyil və hipertoniyanın başlanğıcı ola bilər. Bu baxımdan iş şəraitinin vaxtında dəyişdirilməsi davamlı hipertenziyanın formalaşmasının qarşısını ala bilər.

Arterial təzyiqin sutkalıq monitirinqi necə aparılır?

Müayinə ambulator şəraitdə aparılır: tonometrin manjeti adi AT-in ölçülməsində olduğu kimi pasiyentin qoluna  fiksə edillir, cihazın özü isə (çəkisi təqribən 300 q) kəmərinə, paltarın altında bərkidilir. Həkimin konsultasiyasından sonra pasiyent evə və ya işə qayıda bilər. Müəyyən fasilələrlə cihaz avtomatik olaraq arterial təzyiqi ölçəcək və alınan rəqəmləri qeyd edəcək.  ATSM adi həyat tərzinə mane olmur: pasiyent qida qəbul edə, yata, hətta idmanla məşğul ola bilər. Yəqin ki, həkim sizdən gündəlikdə qeydlər aparmağınızı xahiş edəcək: fiziki gərginlik epizodları (pilləkənlə qalxma, ağır yüklərin qaldırılması), hərəkətsizlik, yuxu periodları, gecə oyanmaları, həmçinin diskomfort simptomları, məs., ürək nahiyyəsində ağrılar, baş gicəllənməsi və s. ATSM adətən arterial təzyiqin qeyd olunması ilə gündüz vaxtı 15 dəqiqəlik, gecə vaxtı isə 30 dəqiqəlik fasilələrlə aparılır. 24 və ya 48 saat sonra ( tövsiyyə olunan müayinənin müddətindən asılı olaraq) cihazı söndürmək və yenidən  həkimin qəbuluna gəlmək lazımdır. O, əldə olunmuş qeydləri oxuyaraq və gündəliyinizdəki qeydlərlə müqayisə edərək sağlamlığınız haqqında rəy bildirəcək.
 

ATSM-i keçən pasiyentlər üçün bəzi tövsiyyələr mövcuddur:
 

1.Qolunuzdakı manjetin vəziyyətinə fikir verin. Onun aşağı kənarı dirsəkdən 1-2 barmaq yuxarıda olmalıdır. Manjet aşağı düşərsə dərhal onu düzəldin.

2. Hər ölçmədən öncə cihaz xüsusi səs siqnalı verir. İmkan daxilində təzyiqin ölçülməsi zamanı hərəkətsiz olun. Bu, nəticələrin daha dəqiq olmasına kömək edə

bilər. Cihaz manjetə hava doldurarkən əlinizi boş saxlayın. Ölçülmə bitəndən sonra yenidən  səs siqnalı eşidiləcək.

3. Monitoru manjetlə birləşdirən trubkanın geyimlə, eləcə də oturaq və ya uzanmış vəziyyətdə qatlanmamasına nəzarət edin.

4. Cihaza suyun düşməməsinə nəzarət edin (müayinə zamanı duş qəbul etmək olmaz), həmçinin elektromaqnit şüalanma mənbələrindən uzaq olmağa çalışın.

5. ATSM cihazının sıradan çıxmağına şübhələnirsinizsə onu öz gücünüzlə düzəltməyə çalışmayın. Bu haqda müalicə həkiminizə məlumat verin.


ATSM-ə həkimin göndərişi olmadan yazılmaq olarmı?

Bu müayinəyə öz istəyinizlə yazıla bilərsiniz. Prosedur zamanı heç bir dəyişiklik aşkar olunmasa belə nəticələri mütləq özünüzdə saxlayın - onlardan gələcəkdə ATSM zamanı müqayisə üçün istifadə etmək olar.

ATSM zamanı əldə olunmuş məlumatlar həkimə hipertoniya diaqnozunu təsdiq və ya inkar etmək, hipertoniyanın düzgün medikamentoz müalicəsini aparmaq və xəstəliyin mümkün ağırlaşmalarının qarşısını almağa kömək edə bilər.


Bütün bunlar ağır ürək-damar xəstəliklərindən uzaq olmaq və uzun illər ərzində sağlam və gümrah qalmağa imkan verir!

Klinikamızda ATSM-ə bu nömrələrlə yazıla bilərsininz: 012 447 50 92; 012 447 85 55

 

 

Son məqalələr