Damar cərrahına tez-tez verilən suallar.

23.03.2018

Damar cərrahına tez-tez verilən suallar.
Pasiyentlərin elektron ünvanımıza yolladıqları sualların bir qismini damar problemləri təşkil edir. Sualları SƏHHƏT klinikasının cərrah-fleboloqu,
Dr. Çingiz Abdullayev cavablandırır.

Sual: Ayaqlarım şişir. Nə etməliyəm? Müalicəsi nədir?
Cavab: İlk öncə bunun səbəbini araşdırmaq lazımdır. Aşağı ətrafların şişməsinin bir sıra səbəbləri ola bilər:
- ürək patologiyaları
- limfadamar çatışmazlığı
- limfostaz
- venoz damarların varikozu
- qara ciyər sirrozu, qara ciyərə metastazlar
- revmatoloji xəstəliklər, oynaqların degenerativ xəstəlikləri
- böyrək xəstəlikləri
- onkoloji xəstəliklər
Yalnız həkimin baxışından və müayinələrindən sonra diaqnozu dəqiqləşdirmək olar:
- qanın ümumi analizi, protrombin indeksi, fibrinogen, qanaxma müddəti.
- aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası
- EKQ
- ağ ciyərlərin rentgenoqrafiyası
- qarın boşluğu orqanlarının ultrasəs müayinəsi

Sual: Ayaqlarda problemlərin yarandığını və həkimə getmək lazım olduğunu hansı əlamətlər bildirir?
Cavab: Varikoz xəstəliyinin və damar çatışmazlığının ilk simptomları aşağıda sadalanan əlamətlərdən birinin və ya bir neçəsinin olmasıdır.
- ayaqlarda ağırlıq hissi
- fiziki gərginlikdən sonra ağrı hissi
- ayaqlarda gün ərzində artan gərginlik və ağrılar
- gecə vaxtı qıcolmalar
- ayaqlarda teleangioektaziyaların (xırda kapillyarların genişlənməsi) əmələ gəlməsi
Onu da unutmayaq ki, varikoz xəstəliyin ilk simptomları olan ayaqlarda ağırlıq, zəif ağrılar, halsızlıq yastıpəncəlilikdə, bel osteoxondrozunda da ola bilər.
Belə hallarda düzgün diaqnoz qoymaq üçün mütləq mütəxəssisə (fleboloqa, nevroloqa, ortopedə) müraciət etmək vacibdir.
Vaxtında ətraflı müayinə və düzgün müalicə üçün mütəxəssisə müraciət etmək sağalmağ üçün şərtdir.

Sual: Varikoz xəstəliyindən necə sağalmaq olar? Hansı müasir müalicə metodlarından istifadə olunur? Hansı metod daha yaxşı nəticələr verir?
Cavab: Flebologiyanın müasir inkişaf dövründə varikoz xəstəliyin müalicəsi üçün müxtəlif müalicə üsullarından istifadə olunur:
- Klassik əməliyyat (flebektomiya)
- Damardaxili lazer koaqulyasiyası
- Skleroterapiya
- Kiçik flebektomiya
- Kompression terapiya
- Medikamentoz müalicə
Müalicə metodu hər pasiyent üçün individual olaraq seçilir. Bu zaman xəstəliyin ağırlığı, damar sisteminin vəziyyəti, hər xəstənin individual xüsusiyyətləri, hər hansı ağırlaşmaların və yanaşı xəstəliklərin olub olmaması nəzərə alınır.
Təbii ki, bütün bü metodlar yalnız təcrübəli mütəxəssisin əlində effekt göstərə bilər.

Sual: Ayaqlarımda damar xəttləri əmələ gəlib. Bu problemin həlli üçün hansı metoddan istifadə olunur? Bu xəttlərdən hər hansı krem və ya gel ilə azad ola bilərəmmi?
Cavab: Teleangioektaziyaları yalnız müasir metodlarla aradan götürmək olar:
- Skleroterapiya
- Lazer koaqulyasiyası
- Radiodalğalı koaqulyasiya
- İnfraqırmızı fotokoaqulyasiya 
Optimal metodika yalnız hər konkret pasiyentdə individual olaraq, həkimin baxışı və damar sisteminin ultrasəs müayinəsindən sonra (teleangioektaziyaların diametri və aşağı ətrafların damar sisteminin vəziyyətindən asılı olaraq) seçilir.
Heç bir krem, gel vasitəsi ilə teleangioektaziyalardan azad olmaq mümkün deyil.

Sual: Varikozlu damarları lazer və ya radiodalğalarla bağladıqda qan hansı damarlarla axacaq? Sağlam damarlara olan təzyiq artmazmı?
Cavab: Varikozlu damarların obliterasiyasından sonra qalan damarlarda qanın axını yaxşılaşır, onlara olan təzyiq azalır.
İş orasındadır ki, qanın əsas həcmi (95%) dərin damarlarla hərəkət edir. Dərin damarlar hər tərəfdən əzələ ilə əhatə olduğundan varikoza məruz qalmırlar. Səthi damarlar isə köməkçi funksiya daşıyırlar. Genişlənmiş varikozlu damar artıq normal işləyə bilmir. Qan ya durğunluğa səbəb olur ya da əks istiqamətdə hərəkət edir. Məhs bu səbəbdən sağlam damarlara olan təzyiq artır. Varikozlu damarlar öz funksiyasını yerinə yetirə bilmirlər. Varikozlu damarlar yalnız kosmetik problem deyil. Onlar sağlam damarların normal işinə mane olurlar.
Normada, qan damarlarda yalnız bir istiqamətdə hərəkət edir – aşağıdan yuxarı, ürəkdən ağ ciyərlərə tərəf. Bu, periodik olaraq bağlanıb qanın əks istiqamətdə axmasının qarşısını alan damar klapanları sayəsində mümkün olur. Varikozlu damarlarda klapanlar tam bağlana bilmir və belə damarda qan əks istiqamətdə axır. Digər damarlar həm öz işini görməli, həm də, əlavə olaraq varikozlu damarlarla geri qayıtmış qanı ötürməlidir. Məhz bu səbəbdən varikozlu damarlar damar sisteminin normal işinə mane olurlar, və onların bağlanması qan axınını yalnız yaxşılaşdırır. 
Beləliklə, varikoz xəstəliyin vaxtında müalicəsi sağlam damarları qorumağa imkan verir, trofik yaraların, trombların əmələ gəlməsinin və varikoz xəstəliyin digər ağırlaşmalarının qarşısını almağı mümkün edir. Əməliyyatdan sonra sağlam damarlara olan təzyiq artmır, əksinə azalır.
Venaların varikoz genişlənməsi təkcə xəstənin həyat keyfiyyətini azaltmır, həm də letal nəticələrə səbəb ola bilər. Varikoz xəstəliyi vaxtında düzgün müalicə etmədikdə, çox ağır, hətta həyat üçün təhlükəli olan fəsadlar verə bilər. Belə təhlükəli fəsadlardan biri venoz trombozdur. Dərin venaların trombozu zamanı, tromb venanın divarından qoparaq, qan axını ilə ağ ciyər arteriyasına daxil olaraq onun müəyyən bir hissəsini tuta bilər. Nəticədə ürək fəaliyyətini dayandıra bilər.

Məhz bu səbəbdən də xəstəliyin ağırlaşmasına imkan verməməli və ilk əlamətləri müşahidə olunanda dərhal həkimə müraciət etmək lazımdır.

Son məqalələr