Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

Kliniki qastroenterologiya – həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir.  Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisə və ödçıxarıcı yollar, mədəaltı vəz daxildir.

Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.

Qida borusu xəstəliklərinə:

- axalaziya, reflüks və ya başqa səbəbdən yaranan ezofagit, Barret qida borusu, diaqfraqmanın qida borusu dəliyinin yırtığı;

Mədə xəstəliklərinə:

- qastrit, xora xəstəliyi, müxtəlif dispepsiya halları (ürəkbulanma, qıcqırma və gəyirmə kimi əlamətlərlə gediş alan xəstəliklər), mədə sallanması, motorika pozuntuları;

Onikibarmaq bağırsaq xəstəliklərinə:

– duodenit, xora xəstəliyi, spazmlar;

Nazik bağırsaq xəstəliklərinə:

- müxtəlif fermentativ çatışmazlıqlar zamanı rast gəlinən xəstəlikləri (məs., seliakiya), sorulma pozuntuları, divertikulları,

Yoğun bağırsaq xəstəliklərinə:

– kolit, qıcıqlanmış bağırsaq sindromu, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, bağırsaq disbakteriozu, ishal və qəbizliklə gediş alan xəstəliklər,

Qaraciyər xəstəliklərinə:

– metabolik və viruslu hepatitlər, hemangiomalar, autoimmun hepatit, qaraciyərin alkohol xəstəliyi, piylənməsi, dərman zədələnmələri,  hemaxromatozlar,

Öd kisə və ödçıxarıcı yolların xəstəliklərinə:

- xolesistit, xolangit, “öd durğunluğu” ilə müşayiət olunan irsi və qazanılmış xəstəliklər,

Mədəaltı vəzin xəstəliklərinə: – onun müxtəlif iltihabi xəstəlikləri, ekzokrin disfunksiyaları və s. aiddir.

Qastrohepatologiya –həzm sisteminin müxtəlif orqanlarının xərçənginin, öd kisə və ödçıxarıcı yollarda daş və şişlərin, bağırsağın qurd xəstəliklərinin, qaraciyərin infeksion xəstəliklərinin aşkarlanması və pasiyentin lazımi mütəxəssisə yönləndirilməsi istiqamətində də diaqnostik əhəmiyyət daşıyır.